×
A
A
A
Sazlamalar

Ağdam pambıqçıları bu günədək 6171,26 ton məhsul tədarük ediblər

Ağdam, 7 dekabr, AZƏRTAC
Ağdam rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir. İndiyədək qəbul məntəqələrinə 6171,26 ton “ağ qızıl” təhvil verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2021-ci ildə 1086,9 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 540 hektarı “Azərpambıq” MMC, 610 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında olmaqla, 2236,9 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Hazırda pambıq plantasiyalarında sonuncu yığım gedir və gün ərzində 10-13 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilir. Ağdamlı “ağ qızıl” ustaları mühüm strateji məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar.
Qeyd edək ki, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib, 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner olub.

 

Kənd təsərrüfatı 2021-12-07 10:27:00