×
A
A
A
Sazlamalar

Tarixçi-alim Dilavər Əzimlinin xatirəsi anılıb

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının A.ABakıxanov adına Tarix İnstitutunda mərhum tarixçi-alim Dilavər Əzimlinin anım tədbiri keçirilib.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun rəhbərliyi və elmi əməkdaşları, ziyalılar və mərhum alimin ailə üzvləri iştirak ediblər.
Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli alimin ömür yolundan və elmi fəaliyyətindən danışıb. Tarix İnstitutunun icraçı direktoru dosent Cəbi Bəhrəmov Dilavər Əzimlini əsl ziyalı, vətənpərvər alim kimi dəyərləndirərək onun tarix elminə verdiyi töhfələrdən söz açıb. Tədbirdə, həmçinin professor Şahin Fərzəliyev, tarix elmləri doktoru Eynulla Mədətli, tarix elmləri doktoru Xeyirbəy Qasımov, dosent Hacı Həsənov, dosent Mübariz Ağalarlı, dosent Fərəh Hüseyin, Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli və digər ziyalılar çıxış edərək Dilavər Əzimlinin tarix elminə vediyi töhfələrdən, bir müəllim kimi təhsil fəaliyyətindən, elm sahəsindəki xidmətlərindən, insanlarla səmimi ünsiyyət və xatirələrindən danışıblar.
Tədbirdə Dilavər Əzimlinin və görkəmli səfəvişünas Oqtay Əfəndiyev şəxsi kitabxanası əsasında “Orta əsrlər tarixi” şöbəsində yaradılmış “Oqtay Əfəndiyev və Dilavər Əzimli fondu” da iştirakçılara təqdim olunub.
Sonda mərhumun həyat yoldaşı Arzu Qazıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum tarixçi-alimə verilən bu dəyər-qiymətə görə minnətdarlığını bildirib.

Elm və təhsil 2021-12-07 09:00:00