×
A
A
A
Sazlamalar

Tarix Muzeyində eramızdan əvvəl I əsrə aid tunc dəbilqə qorunur

Bakı, 6 dekabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Arxeologiya fondunda eramızdan əvvəl I əsrə aid tunc dəbilqə qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, dəbilqə 1965-ci ildə arxeoloq Fazil Osmanov tərəfindən Ağsu rayonunun Nüydi kəndi yaxınlığındakı nekropolda tapılıb. Dəbilqə iki hissədən ibarət olmaqla, tunc lövhədən hazırlanıb. Bu hissələrdən biri gövdədən, digəri isə dik qaldırılmış boruşəkilli çıxıntıdan ibarətdir. Həmin hissələr ayrı-ayrılıqda döyülüb hazırlandıqdan sonra bir-birinin üzərinə kiçik mıxlarla rəbt edilib formalaşdırılıb. Lakin boruşəkilli çıxıntı dövrümüzə qədər gəlib çatmayıb. Mütəxəssislərin fikrincə, bu borucuq, ehtimal ki, lələklər və digər fərqlənmə nişanları taxmaq üçündür.
Eramızdan əvvəl I əsrə aid olan bu Nüydi dəbilqəsinin oxşar nümunəsi 2009-cu ildə Qəbələ rayonunun Tola (Tövlə) kəndində arxeoloq İlyas Babayev tərəfindən aşkar edilib və hazırda muzeyin Arxeologiya fondunda qorunur. Alban döyüşçüsünə məxsus olmuş hər iki dəbilqə Azərbaycanın antik dövr sənətkarlarının metal məmulatı hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də öz dövrünün hərbi işi haqqında dolğun təsəvvür yaradır.

Elm və təhsil 2021-12-06 18:07:00