×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetdə tədbir: İki dövrün lideri

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin anım günü münasibətilə “İki dövrün lideri” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ötən əsrin 90-cı illərində Azərbaycanı parçalanmaqdan xilas edərək ölkəni yeni iqtisadi səviyyəyə qaldıran Ümummilli Liderin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi idi. Bu müqəddəs missiyanı isə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev yerinə yetirdi. Uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı 44 gün ərzində erməni işğalından azad etdi.
ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi”, professor Xaqani Məmmədov “Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda təhsilin inkişafı”, Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxış ediblər.
Tədbirin bədii hissəsində Heydər Əliyevin həyatını əks etdirən sənədli film və videoçarxlar nümayiş olunub. Tarix və coğrafiya fakültəsinin tələbələri - Ülya Ağazadə və Röya Qurbanovanın ifasında xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından parçalar səsləndirilib.

Elm və təhsil 2021-12-06 17:38:00