×
A
A
A
Sazlamalar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda illik hesabatların müzakirəsi davam edir

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında laboratoriyaların, Gənc Alim və Mütəxəssislər Şurasının, Mülki Müdafiə Qərargahının illik hesabatları dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev “Fotosintezin molekulyar mexanizmlərinin tədqiqi, tənzimlənməsi və modelləşdirilməsi” mövzusu ətrafında görülən işlər və əldə olunan nəticələr, laboratoriyanın elmi-təşkilati fəaliyyəti, əməkdaşların yerli və xarici elmi ezamiyyələri, nəşr olunan məqalələr, kadr hazırlığı haqqında şura üzvlərinə məlumat verib.
Proteomiks beynəlxalq laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov cari ildə “Bitkilərin ətraf mühitin stres amillərinə cavab reaksiyalarının molekulyar-genetik və proteomik tədqiqi” mövzusuna uyğun tədqiqatların uğurla aparıldığını söyləyib. Fosfoproteom yanaşmadan istifadə etməklə ilk dəfə olaraq düyü bitkisində xlorofil flüoressensiyasının enerjidən asılı sönməsində tilakoid zülallarının fosforlaşmasının rolu aydınlaşdırılıb, PsbS, PSII və LHCII zülalları və onların fosforlaşmış formaları arasında işıqdan asılı qarşılıqlı təsirlər aşkar edilib. Qeyd olunub ki, laboratoriyada kadr hazırlığı sahəsində böyük uğurlar əldə olunub. Kiçik elmi işçi Aynurə Paşayevanın “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişiklikləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Kiçik elmi işçi Lalə Qurbanova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqənin qalibi kimi Koreya Respublikasının Kyunq Hee Universitetində doktorantura təhsili almaq üçün təqaüd haqqı qazanıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova şuranın yeni formalaşdırılan tərkibi haqqında məlumat verib, cari ildə gənclərin elmi-tədqiqat işlərində və institutun ictimai həyatındakı fəaliyyətindən bəhs edib.
Mülki müdafiə qərargahının rəisi Valeh İmanov əməkdaşların təhlükəsizliyinin təmin edilməsi və fövqəladə halların qarşısının alınması istiqamətində il ərzində institutda görülən mülki müdafiə əməliyyat tədbirləri və hazırlığının gedişi haqqında hesabat verib.
Çıxışlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. Sonda Elmi şura üzvləri təqdim olunan hesabatların qəbul edilməsinə yekdilliklə səs veriblər.

Elm və təhsil 2021-12-06 17:45:00