×
A
A
A
Sazlamalar

Əməkdar həkim NDU-nun Tibb fakültəsinin tələbələrinə ustad dərsi keçib

Naxçıvan, 6 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Xəstəxanasında ali təhsil ocağının Tibb fakültəsinin tələbələrinə Mərkəzi Klinikanın Süni Mayalanma Şöbəsinin müdiri, cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Mahirə İsmayılova ustad dərsi keçib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru dosent Elsevər Əsədov tələbələrin təcrübi bacarıqlarının qiymətləndirilməsində ustad dərslərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Universitetin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva 13 elmi işin həmmüəllifi, süni mayalanma, doğuş, hamiləlik və qadın xəstəlikləri mütəxəssisi olan Mahirə İsmayılova haqında məlumat verib. Qeyd edilib ki, cərrah-ginekoloq artıq bir ildir muxtar respublikaya gələrək xəstələrin qəbulu, müalicəsi və süni mayalanma əməliyyat prosedurlarının həyata keçirilməsində iştirak edir.
Mahirə İsmayılova çıxışında sonsuzluğun müalicəsində köməkçi reproduktiv texnologiyaların rolundan danışıb. Sonsuzluğun səbəbləri və ona təsir edən amillər haqqında tələbələrə slayd vasitəsilə əyani məlumat verilib.
Naxçıvan Dövlət Universitetinin Müalicə işi Tibbi profilaktika ixtisası yuxarı kurs tələbələrinin iştirak etdiyi dərsdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, onlara Mərkəzi Klinikanın maarifləndirici broşür və bukletləri paylanılıb.
Qeyd edək ki, tibb elmləri namizədi, mama-ginekoloq Mahirə İsmayılova Naxçıvanda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. 1996-2001-ci illərdə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işləyib. 2007-ci ildən indiyədək Mərkəzi Klinikada Qadın mərkəzinin müdiridir.

Regionlar 2021-12-06 16:23:00