×
A
A
A
Sazlamalar

Ağcabədidə Beynəlxalq Könüllülər Günü münasibətilə şəhid və qazi ailələri ziyarət olunub

Ağcabədi, 6 dekabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi tərəfindən 5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qatılaraq Vətən torpağının hər qarışı uğrunda döyüşən şəhid və qazilərimizin timsalında bütün könüllüləri təbrik edib. Radə Telmanqızı könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açaraq qeyd edib ki, BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Könüllülük fəaliyyətinin gənclərin dünyagörüşünün artmasında mühüm rol oynadığını, eləcə də ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıb.
Tədbirdə il ərzində aktiv fəaliyyətinə görə fərqlənən könüllülərə təşəkkürnamələr təqdim olunub.
Sonra bir qrup könüllü Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşularaq şəhid olmuş Həsən Süleymanov, Anar Cəfərov və qazilər Cavid Allahverdiyev, Kamran Sadıqovun ailələrini ziyarət edib.

Regionlar 2021-12-06 13:04:00