×
A
A
A
Sazlamalar

Naxçıvanda “Təbiətimiz” devizi altında təmizlik aksiyası təşkil olunub

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Naxçıvanda ekologiya könüllüləri “Təbiətimiz” devizi altında təmizlik aksiyası keçiriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən aksiya Naxçıvançay vadisində baş tutub. Çıxış edənlər təmizlik aksiyasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ekologiyamızın təmizliyinə yönəlmiş belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, çay hövzələrinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və digər insanlara nümunə olaraq onları da ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan könüllülər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar. Tullantılar sanitar qaydalara uyğun şəkildə təmizlik maşınına toplanılıb və kənarlaşdırılıb.
Aksiya Naxçıvan şəhərindəki “Könüllülər bağı”nda davam etdirilib. Gənclər burada çalalar qazıb, ağac əkiblər.

Regionlar 2021-12-06 12:17:00