×
A
A
A
Sazlamalar

Lənkəranda “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda xatirə gecəsi keçirilib

Lənkəran, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin Göyşaban Kənd Yaradıcılıq Evində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış iki lənkəranlı döyüşçünün - Ağazadə Sənan Nizami oğlu və Məmmədli Elməddin Ələddin oğlunun xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz!" mövzusunda xatirə gecəsi keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsi qaziləri, rayonun ictimai təşkilatlarının, dini qurumlarının, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xatirə gecəsində çıxış edən Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıb.
Dini Qurumlarla İş üzrə Komitəsinin Lənkəran nümayəndəliyinin əməkdaşı Emin Həmidov və Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşı Anar Kəkəyev çıxışlarında gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndiriblər.
Tədbirin bədii hissəsində Göyşaban Kənd Yaradıcılıq Evinin özfəaliyyət kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Xatirə gecəsində şəhidlərin ailə üzvləri çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2021-12-06 11:53:00