×
A
A
A
Sazlamalar

Şahbulaq qalasındakı qoşa çinar və silinməyən xatirələr – Ağdamdan reportaj VİDEO

Ağdam, 6 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Şahbulaq kəndi işğal olunanda Vasif Ədilovun 5 yaşı var idi. İşğal dövründə ermənilər Ağdamın digər yaşayış məntəqələri kimi, Şahbulaq kəndini də dağıdıb yer üzündən siliblər. Lakin 28 il ötsə də, doğma kəndləri, evləri, uşaqlıq xatirələri Vasifin yaddaşından silinməyib.
AZƏRTAC-ın bölgə müxbiri uzun illərdən sonra ata yurduna ayaq basan Vasif Ədilovla söhbət edib, sevincinə şərik olub.
Vasiflə birlikdə əvvəlcə tarixi Şahbulaq qalasına baş çəkdik. Çünki Vasifi bu qalaya bağlayan xatirələr var. Müsahibimiz deyir ki, Şahbulaq qalasının içərisindəki çinar ağacları 33 il əvvəl onun atası tərəfindən əkilib: “Bu çinar ağaclarını atam mən doğulanda əkib. Həmin vaxt atam qalada fəaliyyət göstərən restoranda işləyirdi. 1988-ci ilin noyabrında mənim doğum xəbərimi alanda qalada ziyafət təşkil edib və mənim adıma bu çinarları əkib. Deyib ki, qoy, oğlumun ömrü bu çinar ağacının ömrü qədər uzun olsun. Bu gün 27 ildən sonra öz doğma Vətənimə, doğma qalamıza gəlmişəm. Çox böyük sevinc hissi keçirirəm. Allah hamıya belə gözəl hisslər nəsib eləsin”.
Bəli, 33 il əvvəl əkilən çinar ağacları işğal dövründə baxımsız, susuz qalsa da, qurumayıb, əksinə qədim Şahbulaq qalasının torpağından güc alaraq böyüyüb, sahiblərini gözləyib.
Vasif 28 il əvvəlki xatirələri yadına salıb kövrəlir. Deyir ki, axırıncı dəfə burada 5 yaşında olub. “Atam məni bu ağacların yanına gətirərək, “bu ağaclar səninlə yaşıddır. Çinarlar uzun ömürlü olur. Ona görə də sən dünyaya gələndə burada çinarları əkdim ki, bu ağaclar kimi uzun ömürlü olasan” – dedi. İndi həmyaşıdım olan bu çinarlara baxıb, atamın o zaman dediyi sözləri xatırlayıram. Övladım hələ çox kiçikdir, 5 aylıqdır. Bir az böyüyüb dediklərimi başa düşəndə, onu da buraya gətirəcəyəm, çinarların tarixini ona danışıb, qalanın ətrafında boş ərazilərdə oğlumla birgə çinar ağacları əkəcəyəm”, – deyə Vasif bildirir.
Vasif Şahbulaq qalasından ətrafı seyr edərək, bir qədər aralıda görünən yurd yerinin dağıntılarını göstərir. “O kənd bizim kəndimizdir. O görünən uçmuş ev bizim evimizdir”, - deyir. Sonra birlikdə Şahbulaq kəndinə yollanırıq. 28 ildən sonra doğulduğu evə gələn Vasif həm sonsuz sevinc, həm də kədər hissləri keçirdiyini söyləyir. Sanki Məkkəni, Mədinəni ziyarət etdiyini bildirir.
“Evimizi görən kimi tanıdım. Sanki evin doğmalığı məni özünə çəkdi. O zaman 5 yaşım olsa da, hər şeyi yaxşı xatırlayıram. Kənddə harada olmuşam, haranı gəzmişəm hamısı yadımdadır. Qalamız, bulaq, evimiz, məhəlləmiz, ağaclarımız, qonşularımız, əmimgilin evi, qohumlarımızın evlərinin yerini xatırlayıram. Evimizdən əsər-əlamət qalmayıb. Evi də, kəndi də dağıdıblar. Burada uşaqlıq xatirələrim var. Bu dağlarda gəzdiyimiz, qoyun-quzu otardığımız, məhəlləmizdən meyvə yığmağımız... Hamısı bir-bir yadımdadır. Ağaclarımız, evimiz yadımdadır. Dünyanın ən gözəl evidir bu ev. Bura mənim cənnətimdir. Səbirsizliklə torpağımıza, yurdumuza qayıdacağımız günü gözləyirik”, - deyə Vasif Ədilov duyğularını bölüşür.
Şahbulaqdan beş yaşında çıxan Vasif indi doğma kəndinə ailəsi ilə, beş aylıq körpəsi ilə dönməyə hazırlaşır. O, bundan sonrakı ömrünü 28 ildir ki, xəyallarında yaşatdığı yurdunda yaşamağa, burada qurub-yaratmağa həsr edəcəyini deyir.

Regionlar 2021-12-06 11:00:00

Video