×
A
A
A
Sazlamalar

Şərqşünaslıq İnstitutunda Nizami Gəncəviyə həsr olunmuş konfransın materialları dərc edilib

Bakı, 6 dekabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Misir, İraq və İrandan olan 70-dən çox alimin iştirakı ilə keçirilmiş konfransın materialları sırasında Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın “Tarixi Azərbaycan torpaqlarında türklərin məskunlaşması”, Cahan Ağamirovun “Nizami Gəncəvi və Heydər Əliyev şəxsiyyətləri” mövzusunda məruzələri diqqəti çəkir.
Nizami əsərlərinin təsirinə dair Elman Quliyevin “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, Mehdi Kazımovun “XIV–XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)”, Səadət Şıxıyevanın “Divan ədəbiyyatında “Məxzənül-əsrar”ın yeri (Nəsimi şeiri əsasında)” və digər mövzularda materialları qeyd etmək olar.
Topluda Salidə Şərifovanın “Nizami “Xəmsə”sinin janr özəllikləri”, Şəfəq Əlibəylinin “Nizami nəzmində cəvahirat adlarının struktur-semantik və poetik xüsusiyyətləri”, Zahidə İsmayılovanın “Nizami Gəncəvi dilində feillərin quruluşuna dair”, Şahin Yusiflinin “Nizami yaradıcılığında “çövkən və top” oyununun atributları ilə bağlı leksik fiqurların poetik əhəmiyyəti” məqalələri də diqqətçəkəndir.
Nizami əsərlərinin mövzu dairəsini və şairin baxışlarını əks etdirən mövzular sırasında Əbdülkərim Əli Cəradatın (İordaniya) “Azərbaycanlı Nizami Gəncəvinin şeirində islam və ərəb təsirləri”, Qurbanəli Purmərcanın (İran) “XII əsrdə fars dilində mənzum hekayələr yazan, şair, həkim Nizami Gəncəvinin məsnəvilərindən mənəvi və əxlaqi məfhumların ortaya çıxarılmasının zərurəti”, Əhməd Əbduh Tərabikin (Misir) “Nizami Gəncəvi şeirində tərbiyə və əxlaq”, Osman Əhməd Əbdürrəhimin (Küveyt) “Nizami Gəncəvi nəzərində islam fəlsəfi düşüncələrinin formalaşması”, Əli Fərhadovun “Nizami yaradıcılığında multikultural və dini dəyərlərə baxış”, Aygün Əlizadənin “Nizami və irfan” və s. var.
Şairin yaradıcılığının tədqiqinə dair İmamverdi Həmidovun “Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında”, Arzu Məmmədzadənin “Nizami Gəncəvi yaradıcılığı şərqşünas Mənzərə Məmmədovanın tədqiqatlarında”, Səba Namazovanın “Məmməd Səid Ordubadinin Nizami Gəncəvi haqqında məqalələri” mövzularını qeyd etmək olar.

Elm və təhsil 2021-12-06 10:29:00