×
A
A
A
Sazlamalar

“Bir” tələbə-könüllü proqramı tələbələrin dostluq və həmrəyliyidir

Bakı, 5 dekabr, AZƏRTAC

“Bir” tələbə-könüllü proqramı 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün yaradılıb. “Bir” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəyliyin simvoludur. Adını bu dəyərlərdən alan “Bir” tələbə-könüllü proqramı Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyidir.
2019-cu ildən “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi kimi dövlət qeydiyyatına alınan təşkilatın məqsədi tələbələrə könüllülüyün mahiyyətinin aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat-təşviqat işlərinin aparılması, tələbə-könüllülərin vahid məlumat bazasının inkişaf etdirilməsidir. Eyni zamanda, tələbə-könüllülər üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması, onların intellekt səviyyəsinin, dünyagörüşünün genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Bir könüllü” təşkilatının rəhbəri Elnur Mirzəzadə deyib. O bildirib ki, “Bir könüllü” təşkilatının fəaliyyəti öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al kimi 6 istiqamətdən ibarətdir. Bu istiqamətlər tələbə-könüllülərin təhsil mühitinin yaxşılaşdırılmasına, ictimai fəallığın təmin olunmasına, onlara geniş imkanlar yaradılmasına xidmət edir: “Öyrən tələbə-könüllüləri bu həyatı öyrənərək yaşamağa dəvət edir. Könüllülər və könüllü liderlər üçün təlimlərin təşkili bu istiqamət üzrə həyata keçirilir. Proqramda komanda və komanda tərkibində ümumi və fərdi şəkildə işin təşkili, “könüllü kimdir?”, kampaniya, marafon və digər aksiyaların təşkili kimi aktual mövzular üzrə təlimlər və tədbirlər həyata keçirilir. Müntəzəm xarakter daşıyan planlaşdırılmış layihələr çərçivəsində tələbələr müxtəlif sahələr və mövzular üzrə geniş biliklərə və zəruri bacarıqlara yiyələnirlər.
Öyrət istiqaməti proqramın vacib strateji istiqamətlərindən biridir və könüllülər tərəfindən əldə olunmuş bacarıq və biliklərin həmyaşıdlarına və özlərindən kiçiklərə davamlı şəkildə ötürülməsini təmin etmək məqsədilə fəaliyyət göstərir. Burada əsas məqsəd – könüllülük fəaliyyətinin məzmun və formaca daim yenilənməsi və genişlənməsı üçün könüllü olmayan tələbə və şagirdlərin könüllü fəaliyyətinə cəlb olunmasıdır.
Yaşa istiqaməti tələbə-könüllüləri bu həyatı əylənərək yaşamağa çağırır. Bu istiqamət tələbə-könüllülər tərəfindən təşkil olunan müxtəlif tipli və miqyaslı tədbirləri - kütləvi sosial aksiyaları, fləş-mobları əhatə edir. İstiqamət çərçivəsində könüllülər təcrübə toplayır, təşkilati və komanda bacarıqlarını nümayiş etdirmək fürsəti qazanırlar.
Yaşat istiqaməti bilavasitə tələbələrin təşəbbüsü ilə həyata keçirilən xeyriyyə marafonlarını (tədbirləri) əhatə edir. Prioritet sahələr kimi internat və uşaq evlərinə ziyarətlərin təşkili, ehtiyacı olanlar üçün dəstək kampaniya və aksiyalarının keçirilməsi, bu növ humanitar aksiyaların önəmliyinin təbliği və əhəmiyyətinin aşılanmasının diqqət mərkəzində saxlanması yaşat istiqaməti üzrə tənzimlənir.
Kəşf et istiqaməti tələbə-könüllüləri yeni sahələri kəşf edərək yaşamağa həvəsləndirir. Onlar üçün dövlət idarəetmə orqan, təşkilat və strukturlarına, sənaye, istehsalat, emal və xidmət müəssisələrinə, idman-sağlamlıq mərkəzlərinə, ictimai-sosial yönümlü obyektlərə, muzey, teatr və digər mədəni-maarif ocaqlarına mütəmadi məlumat turları təşkil olunur. Bu, könüllülərin ümumi dünyagörüşünün və maraq dairələrinin genişləndirilməsinə təkan verməklə onların gələcəkdə öz istəklərinə uyğun peşə seçimində müsbət rol oynayır.
Zövq al istiqaməti çərçivəsində idman və intellektual müsabiqələr və yarışlar, tələbə diskotekaları, kino-premyeralar təşkil olunur. Bu, könüllülərdə formalaşan komanda ruhunu yüksəltməyə imkan yaradır, birgə qələbə çalmaq, birgə sevinci bölmək və birgə zövq almaq kimi duyğulara yol açır”.
Elnur Mirzəzadə diqqətə çatdırıb ki, “Bir könüllü” təşkilatı fəaliyyəti ərzində bir çox yeniliklərə və uğurlara imza atıb. Təşkilat Azərbaycanda milli könüllü platformasını formalaşdıraraq 27 mindən çox tələbə-könüllü üzvü əhatə edir. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Şamaxı, Quba, Göyçay, Ağdam, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallıda fəaliyyət göstərən 26 ali təhsil müəssisəsi, 18 orta ixtisas təhsil müəssisəsi və peşə məktəbləri daxildir.
“Bir könüllü” təşkilatında tələbə-könüllülər üçün özünüinkişaf mühiti formalaşdırılıb. Onlar üçün müntəzəm olaraq təlimlər, kurslar, seminarlar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Həmçinin dil bilikləri inkişaf etdirilir, təcrübəsi artırılır və karyera imkanları genişləndirilir. Təşkilatın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyerada ilk addımlarını atıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil edib.
Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” “Bir könüllü” təşkilatı tərəfindən yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Həmçinin bu sayt vasitəsilə tələbə-könüllü şəxsi hesabını yaradaraq şəxsi məlumatlarını hesabına yükləyə və həyata keçirilən bütün tədbirlərdən xəbərdar ola bilir.
“Bir könüllü” təşkilatı indiyədək bir çox irimiqyaslı layihələrə dəstək göstərib, eyni zamanda, bir çox geniş kütləni əhatə edən tədbirlərin ideya müəllifi və təşkilatçısı qismində olub. Təşkilatın tələbə-könüllüləri dəfələrlə ölkə səviyyəsində keçirilən tədbirlərə dəstək göstəriblər. İdman sahəsində, sosial yönümlü tədbirlərdə, mədəniyyət və incəsənət, təhsil sahəsində keçirilən layihələrdə aktiv iştirak edirlər.

Elm və təhsil 2021-12-05 09:00:00