Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Bakı, 4 dekabr, AZƏRTAC
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ATƏT-in Stokholmda keçirilən iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmaması ilə bağlı KİV-in sualını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva suala şərhində deyib: “Bildiyiniz kimi, dekabrın 2-3-də Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi.
İclasdan öncə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Lakin, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarilərinin Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.
Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”.
Milli Məclisin plenar iclasında 21 məsələ müzakirə edilib
İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti
Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq VİDEO
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq