×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Gündəliyə uyğun olaraq, əvvəlcə iclasda MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubovun təqdimatında “2021-ci ilin elmi-tədqiqat işlərinin nəticələri və 2022-ci il üçün aparılacaq elmi-tədqiqat işləri haqqında” hesabat dinlənilib.
Vurğulanıb ki, hesabat dövründə elmi fəaliyyətin təşviqi, gənc əməkdaşların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq jurnallarda məqalələrin sayının artırılması, “Dayanıqlı inkişaf” elmi jurnalının yaradılması, yerli və xarici tərəfdaş universitetlərlə birgə elmi tədbirlərin təşkili, akademik heyət üzvlərinin respublika və beynəlxalq elmi konfranslarda fəal iştirakının dəstəklənməsi MDU-nun elmi potensialının güclənməsinə, elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə, tədqiqat nəticələrinin nəşr olunması və elmi ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfələr verib.
Müzakirələrdən sonra rektor tədqiqat mövzularının seçilməsi və elmi-tədqiqatların nəticəyönümlülüyünün artırılması məsələlərinə toxunub və bununla bağlı müvafiq tapşırıqlar verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.
Sonra universitetin Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov tərəfindən “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında” hesabat təqdim olunub.
Hesabatda yeni tədris standartlarına uyğun olaraq tədris-metodiki bazanın təkmilləşdirilməsi, yeni dərslik və dərs vəsaitlərinin çap olunması, elektron tədris resurslarının genişləndirilməsi, müasir təlim texnologiyaları ilə bağlı akademik heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, beynəlxalq və yerli layihələr çərçivəsində tədrisin məzmununun yenilənməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
Müzakirələrdən sonra tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yerli və xarici universitetlərlə əməkdaşlığın, beynəlxalq layihələrdə iştirakın yaratdığı imkanlardan səmərəli şəkildə faydalanmağı tövsiyə edən rektor bununla bağlı qarşıda duran vəzifələrin icrasına dair aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda MDU-nun Karyera və İnkişaf Mərkəzinin Əsasnaməsi təsdiq olunub.
Sonda universitetin Tələbə Gənclər Təşkilatının yeni seçilmiş sədri Pənah Kərimov Şura üzvlərinə təqdim edilib.

Regionlar 2021-12-04 12:50:00