×
A
A
A
Sazlamalar

Coğrafiyaçı alim beynəlxalq konfransda şəhər və rayonlar üzrə təhsilin əsas göstəriciləri barədə məruzə edib

Bakı, 4 dekabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov ”Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100, ADPU-nun Quba filialının 30 illiyinə həsr olunmuş tədbir Azərbaycan, Türkiyə, Şimali Kipr, Moldova və Qırğızıstan ali təhsil mərkəzlərinin birgə təşkilatçılığı ilə onlayn formatda keçirilib.
Baş direktor Z.Eminov konfransda Azərbaycan Respublikasının şəhər və rayonları üzrə təhsilin əsas göstəriciləri barədə məruzə edib. Alim bildirib ki, Azərbaycanda 2000-2001-ci tədris ilində 47, 2020-2021-ci tədris ilində isə 52 dövlət və qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib. Bu müəssisələrə 26,4 min nəfər tələbə qəbul olunub. 2000-2001-ci tədris ilində ölkədə tələbələrin sayı 96,2 min nəfər təşkil edib. 2000-ci ildə ali təhsil müəssisələrində cəmi 119683 tələbə təhsil alırdısa, 2020-2021-ci təhsil ilində onların sayı 198707 nəfər olub.
Rayonlar üzrə bölgü aparan coğrafiyaçı alim Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində müstəqil ali təhsil müəssisələrinin olduğunu qeyd edib. O, Dağlıq Şirvan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala iqtisadi rayonlarında da belə ali təhsil müəssisələrinin yaradılmasını vacib hesab edib.
Məruzəçi, həmçinin MDB ölkələrinin ali təhsil müəssisələrində təhsil alan tələbə sayının (əhalinin hər 10.000 nəfərinə görə) müqayisəli təhlilini aparıb, elmi dərəcəsi olan və olmayan dərs deyən müəllimlərin sayını, iri şəhərlərin payına düşən ali təhsil müəssisələrinin rayonlar üzrə sayını və araşdırdığı digər statistik məlumatları açıqlayıb.
Z.Eminov hesab edir ki, ümumiyyətlə respublikada təhsil almaq istəyənlərin sayı heç də qənaətbəxş sayıla bilməz. Çünki əhalinin hər 10 000 nəfərinə görə onların sayı Qırğızıstanda 325, Qazaxıstanda 307, Belarusda 282, Rusiyada 277 olduğu halda, Azərbaycanda cəmi 199 nəfərdir. Ölkədə hələ 8-10 yeni ali təhsil ocağının yaradılması zəruridir.
“Son vaxtlarda özəl ali təhsil müəssisəsinin kadr potensialı bir neçə dəfə azalıb”, - deyə alim bildirib.

Elm və təhsil 2021-12-04 12:13:00