×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada “Vətən savaşında Azərbaycan anası” mövzusunda dəyirmi masa təşkil olunub

Bakı, 4 dekabr, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) şanlı Qələbəmizin birinci ildönümünə həsr edilən tədbirlər çərçivəsində “Vətən savaşında Azərbaycan anası” mövzusunda dəyirmi masa keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbir kitabxananın Qadınlar Təşkilatı və “Qarabağ müharibəsi qəhrəmanları” fondu tərəfindən təşkil edilib.
Tədbiri MEK-in icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva açaraq Şərqin, xüsusilə Azərbaycanın zəngin mədəniyyətində qadınların rolunu vurğulayıb, dövlətçiliyimizin qorunmasında onların məğrurluğundan danışıb. “44 günlük Vətən müharibəsində igidlik, şücaət, göstərərək öz qanları bahasına Qələbə sevincini bizə yaşadan əsgər və zabitlərimizin anası da məhz Azərbaycan qadınıdır”, - deyə icraçı direktor bildirib.
MEK Qadınlar Təşkilatının sədri və Sənədlərlə iş şöbəsinin müdiri Reyhan Cəfərova Azərbaycan qadınlarının tarix boyu xalqımızın taleyüklü məsələlərinin həllinə, mənəvi dəyərlərinin formalaşmasına öz sanballı töhfələrini verdiyini, dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etdiyini vurğulayıb.
AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə bildirib ki, bu mövzu aktual olduğu kimi də əbədidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmancasına döyüşən oğulların arxasında mərd analar, qadınlar dayanırdı. Çünki Azərbaycan qadını respublikanın ictimai-siyasi və mədəni həyatında olduğu kimi, Vətənin müdafiəsində də daim fədakarlıq nümayiş etdirməklə müqəddəs bir missiyanı həyata keçirirlər.
Şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Atakişiyeva qeyd edib ki, bir şəhid xanımı kimi övladlarının layiqli vətəndaş yetişməsində əlindən gələni əsirgəməyəcək. O, şəhid Rəşad Atakişiyevin keçdiyi həyat yolundan söz açıb.
Dəyirmi masada çıxış edən şəhid, qazi anaları və digər çıxış edənlər Azərbaycan qadınının mərdliyindən, məğrurluğundan söz açıblar. Bildirilib ki, öz mərdliyi, qeyrəti ilə dünyanın başqa qadınlarından fərqlənən qadınlarımız ana torpağımızı, ana dilimizi, milli-mənəvi, əxlaqi dəyərlərimizi göz bəbəyi kimi qoruyaraq nəsildən nəslə ötürüblər. Qeyd edilib ki, şəhidlərimiz başımızın tacı, qazilərimiz qürur mənbəyidir. Onları tanımaq və tanıtdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Zəfər yürüşündə oğullarını xeyir-dua ilə cəbhəyə yola salan anaların hər biri ədəbiyyat üçün nümunə olacaq bir obrazdır.
Sonda qonaqlar bu mövzuda olan tədbirlərin keçirilməsində təşəbbüs göstərən Mərkəzi Elmi Kitabxananın işini yüksək qiymətləndiriblər.
Tədbir zamanı MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşı Nigar Ağayevə şeir səsləndirib, Azərbaycan Dillər Universitetinin məzunu Murad Əliyevin və həmin ali məktəbin Tələbələrlə iş təşkili şöbəsinin əməkdaşı Şahverən Babayevin vətənpərvərlik mövzusunda ifaları dinlənilib. Həmçinin şəhidlərimizin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

Elm və təhsil 2021-12-04 10:57:00