×
A
A
A
Sazlamalar

Azərbaycanın səfiri Mərakeşin nüfuzlu ali təhsil ocağında mühazirə oxuyub

Rabat, 4 dekabr, AZƏRTAC

Mərakeş Krallığının cənubunda yerləşən Settat şəhərindəki I Həsən adına Settat Dillər, İncəsənət və Humanitar Fənlər Universitetinin dəvəti ilə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov bu ali təhsil ocağında mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, universitetin Seminarlar və Mühazirələr Mərkəzində təşkil olunan tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru Xədicə Əs-Safi tədbiri açaraq Azərbaycan haqqında ümumi məlumat verib.
Daha sonra səfir O.Qurbanov “Mərakeş və Azərbaycan münasibətləri: reallıqlar və perspektivlər” mövzusunda mühazirə oxuyub.
Mühazirədə Azərbaycan-Mərakeş münasibətlərinə toxunan səfir ümummilli lider Heydər Əliyevin İslam Əməkdaşlıq Təşkilatının 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Kasablanka şəhərinə səfərindən, Mərakeşin mərhum kralı II Həsənlə görüşündən söhbət açaraq, bu səfərin iki ölkə arasındakı münasibətlərin müasir mərhələsinin əsasının qoyulması kimi səciyyələndirib, indiki dövrdə Prezident İlham Əliyev və Kral VI Məhəmmədin səyləri nəticəsində bu münasibətlərin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını diqqətə çatdırıb.
Daha sonra Vətən müharibəsi haqqında məlumat verən səfir O.Qurbanov 30 ildən artıq erməni vandallarının işğalı altında qalmış torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün ərzində azad edilərək ölkənin ərazi bütövlüyünün bərpa olunmasından, azad edilmiş bölgələrimizdə aparılan bərpa-quruculuq işlərindən, həyata keçirilən layihələrdən danışıb.
Rektor Xədicə Əs-Safi maraqlı mühazirə üçün səfirə təşəkkürünü bildirib, gələcəkdə rəhbərlik etdiyi universitetlə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın qurulmasını çox arzuladıqlarını və bu istiqamətdə müvafiq kömək göstərilməsini xahiş edib.
Mühazirədən sonra səfir O.Qurbanov tələbələrin suallarını cavablandırıb.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələrlə yanaşı, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiri də iştirak edib.
Mərakeşin yerli ərəb və fransız dilli kütləvi informasiya vasitələrində, habelə müxtəlif qəzetlər, saytlar, sosial şəbəkələr və internet kanallarında tədbir haqqında geniş məlumat verilib.
Qeyd edək ki, I Həsən adına Settat Dillər, İncəsənət və Humanitar Fənlər Universiteti Mərakeşin ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Belə ki, 446 müəllim heyəti olan bu universitetdə minlərlə yerli tələbə ilə yanaşı, Afrikanın 36 ölkəsindən 800 əcnəbi tələbə təhsil alır. Universitet iqtisadi, ictimai, hüquq və s. elmlər üzrə mütəxəssislər yetişdirir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Elm və təhsil 2021-12-04 10:33:00