×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində tələbələrin təhsil tələbə krediti ilə bağlı sualları cavablandırılıb

Bakı, 3 dekabr, AZƏRTAC

Noyabrın 29-dan dekabrın 1-dək Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrində təhsil tələbə kreditindən faydalanmaq istəyən tələbələr üçün infosessiyalar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən infosessiyalarda MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər, kreditlərin verilməsi və qaytarılması prosedurları, möhlət, müddət və faiz şərtləri barədə tələbələrə ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıblar.
Aztəminatlı ailədən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edən təhsil tələbə kreditlərinin verilməsindən böyük məmnunluq hissi duyduqlarını bildirən tələbələr göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da ölkənin ali təhsil sistemində yaradılan imkanlardan maksimum və səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş verən yeniliklər və dəyişikliklər barədə universitetin tələbə və müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

Regionlar 2021-12-03 21:23:00