×
A
A
A
Sazlamalar

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 7-dən 9-dək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında baş tutacaq. Azərbaycan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunacaq.
Çempionatın proqramına əsasən, dekabrın 7-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.

İdman 2021-12-03 20:31:00