×
A
A
A
Sazlamalar

Qarabağda çayların çirklənmə səviyyəsinə nəzarət məqsədilə monitorinqlər keçirilir

Bakı, 3 dekabr, AZƏRTAC

Su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşan Azərbaycanın Qarabağdakı su resurslarına çıxışı önəmlidir. Bu ərazilərdə ekoloji əhəmiyyətə malik relikt göllər, çoxsaylı çaylar, su anbarları var. Azərbaycanın mineral su ehtiyatlarının 40 faizə qədəri işğaldan azad olunmuş ərazilərdədir. Burada təbii olaraq çıxan yüksək ehtiyata malik mineral bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların istifadəsi də böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxış edərkən deyib.
Nazir bildirib ki, buradakı zəngin su ehtiyatlarından həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Burada yaradılmış su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa edilir, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil edilir.
Ərazilərin ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər su obyektlərinin vəziyyəti barədə dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Lakin bu gün çayların çirklənmə səviyyəsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Yerli və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar tərəfindən aparılan analizlərin nəticələrinə əsasən həmin ərazidən axan transsərhəd çayların çirklənməyə məruz qaldığı müəyyən edilib.
Nazir deyib: “Xüsusilə Oxçuçaya Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının, eləcə də Qafan filiz emalı zavodunun təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab sularının davamlı olaraq atılması çay hövzəsinin çirklənməsinə səbəb olub. Bu isə çayın Azərbaycandan keçdiyi ərazilərinin ekoloji sistemini deqradasiyaya məruz qoyur. Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması regionda əkin sahələrinin suvarılmasına və içməli su təminatına da olduqca mənfi təsir göstərir.
Oxçuçayın davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə beynəlxalq təşkilatlara müraciət ünvanlanıb və bu problemin birlikdə həll olunması ilə bağlı çağırışlar edilib. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir. Lakin çox təəssüflər olsun ki, bütün bu kimi müraciətlərə və haqlı tələblərə rəğmən, hələ də Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir.
Oxçuçayın çirklənməsinin qarşısının alınması məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq reabilitasiya proqramının hazırlanması məqsədilə tədqiqat qrupu yaradılır. Burada beynəlxalq elmi-tədqiqat təcrübəsinə böyük ehtiyacımız var.
Bununla yanaşı Tərtərçay üzərində inşa edilmiş Sərsəng su anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 400 min nəfər əhali üçün potensial təhlükə mənbəyinə çevrilib. Anbarın suyunun ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan qış aylarında buraxılması yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətlərinin su altında qalmasına səbəb olub. İsti yay mövsümündə isə suyun buraxılmaması kəskin su qıtlığı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb.
Bu ərazilərdə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi yanaşmasının tətbiq olunması və dayanıqlı sosial-iqtisadi inkişafın, eləcə də su təhlükəsizliyinin təmin edilməsi strateji fəaliyyətimizin əsas istiqamətlərindəndir.
Bu gün sudan səmərəli istifadə, itkilərin azaldılması, istifadə olunmuş sulardan təkrar istifadə son dərəcədə vacibdir. Müasir dövrümüzdə su ehtiyatlarından daha qənaətlə istifadənin təmin edilməsində innovativ həll yolları, rəqəmsal texnologiyalar həlledici rol oynayacaqdır. Burada məhz belə yanaşmaların tətbiqi nəzərdə tutulur”.

Elm və təhsil 2021-12-03 19:07:00