×
A
A
A
Sazlamalar

Cəlilabadda şəhid Araz Cəfərovun xatirəsinə “Şəhidlər bulağı” tikilib

Cəlilabad, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Qarazəncir kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan Araz Cəfərovun şəhadətinin ildönümündə onun xatirəsinə tikilmiş “Şəhidlər bulağı”nın açılış mərasimi keçirilib.
Mərasimdə rayon rəhbərliyi, şəhid ailələri, Arazın döyüş yoldaşları, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhidlər bulağı”nın açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Araz Cəfərovun qəhrəmanlıqlarından danışıblar.
Şəhid Araz Cəfərovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Araz Cəfərov 1993-cü il yanvarın 28-də Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmət edib. Araz Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Ağır döyüşlərdə qəhrəmanlığı ilə seçilib. O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Araz Cəfərov ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Regionlar 2021-12-03 19:05:00