×
A
A
A
Sazlamalar

Mikrobiologiya İnstitutunun laboratoriyalarının hesabatları dinlənilib

Bakı, 3 dekabr, AZƏRTAC

AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradovun sədrliyi ilə keçirilən iclasda 6 laboratoriyanın elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı yekun illik hesabatları dinlənilib.
İclasda Torpaq mikrobiologiyası, Eksperimental mikologiya, Mikrobioloji biotexnologiya, Bioloji aktiv maddələr, Fitopatogen mikroorqanzimlər və bioloji nəzarət, Su mikrobiologiyası laboratoriyalarının müdirləri çıxış edərək aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktik əhəmiyyəti haqqında məlumat verib, sualları cavablandırıblar.
Pənah Muradov institutun struktur bölmələrinin cari ildə öz fəaliyyətlərində ölkə başçısının müvafiq fərman və sərəncamlarını, dövlət proqramlarını, eləcə də AMEA-nın Rəyasət Heyətinin və Ümumi yığıncağının qərarlarını əsas götürdüyünü, tematik planda nəzərdə tutulan işlərin yerinə yetirildiyini vurğulayıb. Hesabat ilində işğaldan azad olunan ərazilərdə elmi-tədqiqat işlərinin həyata keçirilməsini qürurverici hal kimi qiymətləndirib.
P.Muradov elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı laboratoriya müdirlərinə müvafiq tapşırıq və tövsiyələrini verib, növbəti ildə fundamental tədqiqatlarla yanaşı, respublika iqtisadiyyatına töhfə verəcək işlərə üstünlük verilməsinin vacibliyini qeyd edib.
Sonda hesabatların qəbul olunması haqqında qərar verilib.

Elm və təhsil 2021-12-03 18:41:00