×
A
A
A
Sazlamalar

Nazir: Qarabağ bölgəsində kompleks geoloji ekspertiza aparılır

Bakı, 3 dekabr, AZƏRTAC

Ermənistan 30 ilə yaxın işğal dövründə Qarabağın təbiətinə, onun zəngin bioloji müxtəlifliyinə ciddi ziyan vurub. Meşə zolaqları qırılıb və yandırılıb, çaylar çirkləndirilib, flora və fauna növləri məhv edilib, mineral-xammal ehtiyatları qanunsuz mənimsənilib. Hazırda torpaqlarımızda tariximizi, mədəniyyətimizi, ekologiyamızı və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün mərhələli şəkildə işlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışında deyib.
Nazir bildirib ki, bu fəaliyyətlər əsasən meşələrin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, təbii sərvətlərdən, o cümlədən su ehtiyatlarından səmərəli istifadə, müşahidə və monitorinq sistemlərinin bərpası, tullantıların idarə olunması və digər istiqamətlərdə aparılır.
Yenidənqurma və bərpa tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rolu var. Bu baxımdan görüləcək tədbirlər çərçivəsində akademik sektor, o cümlədən beynəlxalq elmi-tədqiqat institutlarının intellektual potensialından istifadə etmək üçün əməkdaşlığın qurulmasını çox vacib hesab edirik.
“Zəngin mineral xammal ehtiyatlarına malik Qarabağ bölgəsi və ətraf rayonların ərazilərində geoloji öyrənilmə 1993-cü ilə qədər aparılıb. İşğal dövründə ölkənin iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edən 167 faydalı qazıntı yatağından dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan olunub.
İndiki mərhələdə strategiya və prioritetlərin formalaşdırılmasında regionun geoloji şəraiti və faydalı qazıntı ehtiyatlarının yenidən qiymətləndirilməsi üçün kompleks geoloji ekspertiza aparılır. Geoloji-kəşfiyyat işlərində innovativ sistemlərin, proqramların, texnoloji vasitələrin tətbiqi geniş imkanlar yaradacaq. Mineral xammal bazasının gücləndirilməsi, sənayenin müxtəlif sahələrinin xammala olan tələbatının daxili ehtiyatlar hesabına təmin edilməsinə geniş imkanlar açacaq. Bu, ölkənin mineral xammal bazasının zənginləşdirilməsinə və regionda dağ-mədən sənayesinin inkişafına xidmət edəcək. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir bildirib.

Elm və təhsil 2021-12-03 18:30:00