×
A
A
A
Sazlamalar

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Biofizika İnstitutundan məlumat verilib. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə baş tutan tədbirdə müəssisənin Biomolekulların strukturu, dinamikası və funksiyası, Ekoloji biofizika, İnteqrativ biologiya, Molekulyar və hüceyrə biokimyası, Molekulyar və hüceyrə onkologiyası laboratoriyalarının hesabatı dinlənilib. Elmi müəssisənin laboratoriyalarında 2021-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair məlumat verilib. Tədqiqat işlərinin nəticələrindən, onların elmi və praktiki əhəmiyyətindən, koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı həyata keçirilən tədqiqatlardan, beynəlxalq indeksli jurnallarda dərc edilmiş elmi məqalələrdən, qrant layihələrindən bəhs olunub. Müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.
Elmi şura üzvləri institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Sonda 2020/2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq Biofizika İnstitutuna qəbul olmuş doktorant və dissertantların fərdi iş planları müzakirə edilərək təsdiqlənib.

Elm və təhsil 2021-12-03 18:26:00