×
A
A
A
Sazlamalar

Sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət satış-sərgi: “Tut əlimdən!”

Bakı, 3 dekabr, AZƏRTAC

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr olunan sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət “Tut əlimdən!” adlı satış-sərgi təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin istedad və bacarıqlarını ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.
Satış-sərgidə respublika üzrə sağlamlıq imkanları məhdud uşaq və gənclərin dulusçuluq, misgərlik, ağac üzərində oyma, bədii tikmə, toxuma və qurama nümunələri, muncuqla iş, şüşənin bədii tərtibatı, qədim xalq sənəti nümunələrinin bütün növləri üzrə əl işləri nümayiş olunub.
Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Bakı Nəqliyyat Agentliyinin rəsmiləri, təhsil müəssisələrinin pedaqoji heyəti və şagirdləri iştirak edib.
Qonaqlar tərəfindən maraqla qarşılanan sərgidə əl işlərindən əldə olunan gəlir sağlamlıq imkanları məhdud uşaqlara verilib.

Elm və təhsil 2021-12-03 17:45:00