×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki ölkə arasında mövcud olan strateji səviyyəli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd ediblər. Qarşıdan gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu nəzərə alaraq, bu xüsusda müvafiq tədbirlərin təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Çoxtərəfli platformalarda uğurlu əməkdaşlığın davam etdirilməsindən danışan nazirlər, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyəti qeyd etdilər.
Nazir Ceyhun Bayramov Ukraynalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, habelə işğalda azad edilmiş ərazilərdə həyata keçirilən yenidən quruculuq işləri ilə bağlı məlumat verib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

Siyasət 2021-12-03 16:47:00