×
A
A
A
Sazlamalar

Göyçayda keçirilən tədbir qadın zorakılığına qarşı mübarizə məsələlərinə həsr edilib

Göyçay, 3 dekabr, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə “Biz sizinləyik!” adlı tədbir keçirilib. Tədbirdə mərkəzin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov, rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri Könül Məmmədova, respublika vəkillər kollegiyasının Göyçay Vəkil Bürosunun müdiri Mətanət Həsənova, Göyçay Qadın Resurs Mərkəzinin rəhbəri Vüsalə Məmmədova, rayon mərkəzi xəstəxanasının mama-ginekoloqu Xəzanə İsgəndərova, psixoloq Tünzalə Vətənxa, rayonun fəal gəncləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə erkən nikah, bullinq, məişət zorakılığı, din və təhsil, narkomaniya, sağlam ailə və sağlam gələcək, Azərbaycan qadını və milli dəyərlər mövzularında çıxışlar olub, müzakirələr aparılıb. Cəmiyyətdə qadınlara qarşı törədilən zorakılıq, cinsi diskriminasiya hallarına qarşı mübarizənin həlli yolları, habelə gənclərin erkən nikah, təhsil, sağlam ailə və digər məsələlər müzakirələrdə xüsusi diqqət mərkəzində olub.
Tədbirdə gənclərin sualları cavablandırılıb, təkliflər səsləndirilib.
Qeyd edək ki, maarifləndirmə məqsədilə təşkil olunan tədbirin hədəfi cəmiyyəti qadın hüquqlarının müdafiəsinə səsləmək, “Qadına qarşı zorakılığa son!” çağırışını ictimailəşdirmək və Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvər ruhda yetişməsinə töhfə verməkdir.

Regionlar 2021-12-03 16:36:00