×
A
A
A
Sazlamalar

Ağdamda şəhid Hikmət Səfərovun xatirəsi anılıb

Ağdam, 3 dekabr, AZƏRTAC

Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində Vətən müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələrinin, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı qələbədən, Hikmət Səfərovun həyat və döyüş yolundan, göstərdiyi şücaətdən, xalqa və dövlətə bağlılığından danışıblar. Bildirilib ki, şəhid Hikmət Səfərov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 10-da bu istiqamətdə ağır yaralanıb. Dekabrın 8-də Bakı şəhərində müalicə aldığı hərbi hospitalda şəhidlik zirvəsinə yüksəlib. Bakıda ikinci Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Tədbirin sonunda İkinci Alıbəyli qəsəbə tam orta məktəbində şəhidin xatirəsinə keçirilən turnirin qalibləri təltif olunub.

 

Regionlar 2021-12-03 16:23:00