×
A
A
A
Sazlamalar

İnam Kərimov: Torpaqlarımızın azad olunması bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün böyük imkanlar yaradıb

Bakı, 3 dekabr, AZƏRTAC

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün böyük imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışında deyib.
Nazir bildirib ki, Qarabağ bölgəsi tarixən Azərbaycanın kənd təsərrüfatının ən inkişaf etmiş bölgələrindən olub. Vaxtilə işğaldan azad edilmiş ərazilərdə taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik xüsusən üzümçülük təsərrüfatları üstünlük təşkil edib. İşğaldan əvvəlki dövrdə bölgə heyvandarlığın inkişafına görə digər regionlardan irəlidə olub. Lakin 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan ermənilər bütün sahələrdə olduğu kimi bölgənin kənd təsərrüfatına da böyük ziyan vurublar. Təkcə yaşayış məntəqələri, evlər, tarixi abidələr deyil, pambıq zavodları, üzüm plantasiyaları, şərabçılıq müəssisələri, baramaqurutma məntəqələri, heyvandarlıq kompleksləri məhv edilib. Eləcə də bölgənin torpaq və su ehtiyatları kortəbii şəkildə, vəhşicəsinə istismar olunub. Hazırda ermənilərin bu barbar fəaliyyətinin nəticələrinin aradan qaldırılması üçün genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb.
“Ölkədə, o cümlədən azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafını prioritet sahələrdən biri elan edən dövlət başçısının qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqlarımızı həyata qaytarırıq. Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması davam edir. Kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi həyata keçirilib. Artıq azad edilmiş torpaqlarımızda payızlıq və yazlıq əkinlər aparılır”, - deyə İnam Kərimov qeyd edib.
Kənd təsərrüfatı naziri, həmçinin bildirib ki, bu il həyata keçirilən pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib: “Layihənin nəticələri uğurlu oldu, bölgənin zəngin bitki örtüyü və yem potensialı təsərrüfatlarda yüksək məhsuldarlığın əldə olunmasına imkan verdi. Yaylaqların potensialından səmərəli istifadə ilə bağlı layihələr növbəti illərdə də davam etdiriləcək”.

Kənd təsərrüfatı 2021-12-03 15:34:00