×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatına ən çox zərər vuran hadisə - doludan sığortalanmaq neçəyə başa gəlir?

Bakı, 3 dekabr, AZƏRTAC

Kənd təsərrüfatı çoxsaylı və müxtəlif risklərlə müşayiət olunan sahədir. Əkinlərin məhsuldarlığı və fermerlərin gəlirləri böyük həcmdə hava şəraitindən asılıdır. Müşahidələr göstərir ki, bütün dövrlərdə əkinçiliyə ən böyük zərəri dolu vurub. Dolu əkin sahələri ilə yanaşı, kolları, tingləri, ağacların budaqlarını məhv edir, hətta bəzən dolu yağması nəticəsində kiçik ev quşları da tələf olur.
Aqrar Sığorta Fondunun şöbə müdiri Pərvin Quliyeva AZƏRTAC-a bildirib ki, dolu yağması əkinlərə təkcə fiziki zərər vurmur, dolunun bitkinin qabığını zədələməsi nəticəsində, burada yeni xəstəliklər, o cümlədən göbələk xəstəlikləri ortaya çıxır və əkinə düzəlməyən zərər dəyir. Beləliklə sahədəki məhsulun 70-100 faizi itirilir.
Eyni zamanda, dolu ən çətin proqnoz edilən hadisədir. Hər hansı sahəyə dolu düşüb-düşməyəcəyini əvvəlcədən demək olduqca çətindir. Hətta dəqiq proqnoz olduqda belə, bu hadisənin qarşısını almaq faktiki olaraq mümkünsüzdür.

Dolu yağmasından dəyən böyük zərərlər

“Dünyanın sığorta və kənd təsərrüfatı sektorunda dolu yağmasının böyük zərərləri ilə bağlı misallar minlərlədir. 2010-cu ildə isə Kanadanın Alberta vilayətində dolu 90 min hektar əkin sahəsini məhv edib, dəyən zərər 18,5 milyon dollar təşkil edib. 2013-cü ildə ABŞ-ın Montana ştatında dolu yağması kənd təsərrüfatı sahəsinə 14 milyon dollarlıq zərər vurub. Bu, həmin ştatda 98 ildən sonra doludan sığorta proqramı üzrə qeydə alınan ən böyük ödəniş olub. 2015-ci ildə Avstraliyada dolu yağması bitkiçilik və əkin sahələrinə 250 milyon dollar zərər vurub. Bu hadisə nəticəsində təkcə qida bitkiləri deyil, həm də böyük pambıq sahələri məhv olub”, - deyə o vurğulayıb.

Azərbaycanda 1 hektar sahəni doludan qorumaq neçəyə başa gəlir?

Pərvin Quliyeva bildirib ki, Azərbaycanda dövlət dəstəyi ilə yeni tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini doludan da sığortalamağa imkan verir. Orta rəqəmlərə əsasən, 1200 manatlıq taxıl yığılan 1 hektar sahənin sığortalanması ölkənin əksər ərazilərində fermerlərə 6-12 manata başa gəlir. Sığortalanan təsərrüfatlarda dolu vurma və digər sığorta hadisəsi baş verdikdə 10 faiz azadolma məbləği çıxılaraq, zərərin 90 faizi həcmində sığorta ödənişi edilir. Yeri gəlmişkən, əkin sahələrini dolu və digər risklərdən qorumaq üçün sığorta haqlarını Aqrar Sığorta Fondunun internet səhifəsindəki Bitkiçilik sığortası kalkulyatoru vasitəsilə hesablamaq mümkündür.

Dolunun korladığı meyvə üçün ayrıca sığorta var

Şöbə müdiri qeyd edib ki, bəzi hallarda dolu yağması məhsulu məhv etməsə də, onun qabığına zərər vuraraq xarici görünüşünü korlayır. Nəticədə məhsul itirilməsə də, görünüşünü korlandığına görə, onun satışında problem yaranır, fermer onu qat-qat ucuz satmağa məcbur olur və böyük zərərə düşür: “Azərbaycandakı aqrar sığorta ilə fermerlər öz məhsullarını bu riskdən də qoruya bilərlər. Portağal, limon, naringi kimi meyvələri dolu vurması nəticəsində əmtəə görünüşünün itirilməsi və qiymətin aşağı düşməsi riskindən sığorta etmək olar. Bu zaman itirilən qiymət fərqinə görə Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişi edilir. Bu sığorta tarifi məhsulun qiymətinin 1-2 faizi arasında dəyişir, üstəlik sığorta haqqının yarısını da dövlət ödəyir. Əvəzində fermerlər qiymətdə itirdikləri məbləğin 90 faizini ödəniş şəklində geri ala bilərlər. Məsələn, Lənkəran regionunda məhsulunun ümumi qiyməti 25 min manat olan portağal bağını bu riskdən sığortalamaq üçün sığorta haqqı 260 manat təşkil edir. Fermer bu məbləğin yarısını – 130 manat ödəyir”.

Məhsulu ucuzlaşan fermerə ödəniş verilir

Sahəni dolu vurması nəticəsində portağalın qabığına dəyən zərər onun əmtəə görünüşünü korlayır və satışında problem yaradır. Bunun nəticəsində fermerə ödəniş verilir. Bu barədə də danışan Fondun əməkdaşı diqqətə çatdırıb ki, məsələn, kiloqramı 1 manat olan portağalın qiymət 50 qəpiyə enirsə, fermerin üzləşdiyi hər kiloqramda 50 qəpik, ümumi sahədən isə 12 500 manatlıq qiymət itkisi zərərinin 90 faizi, yəni 11 250 manat kompensasiya edilir. Yəni Aqrar Sığorta Fondu ona bu məbləği ödəyir. Belə sığorta təkcə yerli bazara deyil, xaricə məhsul ixrac edən təsərrüfatlar üçün xüsusilə vacibdir və onları böyük itkilərdən qoruya bilər.

Azərbaycanda dolu vurmaya görə ilk sığorta ödənişi edilib

Yeri gəlmişkən, Aqrar Sığorta Fondunun bitkiçilik üzrə ilk sığorta ödənişi məhz dolu vurması ilə bağlı olub. İsmayıllı rayonunun Mücü-həftaran kəndində fəaliyyət göstərən fermer özünün 2 hektarlıq üzüm bağını Aqrar Sığorta Fondunda sığortalayıb.

“Bu zaman fermer ümumi məbləği 260 manat təşkil edən sığorta haqqının yalnız yarısını – 130 manatını ödəyib və bunun müqabilində 4200 manat sığorta təminatı alıb. Bu ilin iyun ayında əraziyə dolu yağıb və üzüm sahəsində bütün məhsul itirilib. Amma təsərrüfatını vaxtında sığortaladığına görə, fermerə 3780 manat (4200 manatdan 10 faiz azadolma məbləğini çıxmaqla) sığorta ödənişi edilib və ona dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən kompensasiya olunub”, - deyə Pərvin Quliyeva əlavə edib.

Kənd təsərrüfatı 2021-12-03 15:00:00