Musiqili Teatrda “Nizami–880” layihəsinin təqdimatı keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş layihənin təqdimat mərasimi keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən təqdimat mərasimini giriş sözü ilə açan Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev layihə barədə qonaqlara ətraflı məlumat verib. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn bu layihəni “Nizami İli”nə teatrın bir töhfəsi olduğunu bildirib.
Layihənin ideya müəllifi və bədii rəhbəri olaraq Ə.Lalayev qonaqları dahi şairin həyat və yaradıcılığının əks olunduğu balet kompozisiyanın videoçarxına baxmağa dəvət edib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Nizami ilinə həsr olunan bu balet kompozisiyanı yüksək dəyərləndirıb. O, əsrlər ötüb keçməsinə baxmayaraq, öz aktuallığını daim qoruyan dahi mütəfəkkirin parlaq irsinin təbliğatı istiqamətində belə layihələrin əhəmiyyətindən və gələcəkdə beynəlxalq səviyyədə keçiriləcək tədbirlərdə onların təqdimatının təşkil olunmasının vacibliyindən danışıb. E.Əliyev “Nizami İli”nə layiqli töhfə üçün teatr kollektivini təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq artistləri Cəmilə Bayramova, Sərxan Sərxan SSRİ Xalq artisti Müslüm Maqomayevin ifasında Üzeyir Hacibəylinin “Sənsiz” romansının sədaları altında teatrın aktyorları və balet truppasının üzvlərinin də iştirakı ilə qurulan bu kompozisiyanın uğurlu alındığını diqqətə çatdırıblar.
Xatırladaq ki, videoçarx formatında hazırlanan layihənin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu baletmeysteri Xalq artisti Təranə Muradova, operatorları Kamal Məmmədov, Murad Həsənov və montajçısı Fuad Təhməzovdur.
Layihənin xoreoqrafı, teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradıb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir