×
A
A
A
Sazlamalar

Əlcəzair portalında Qarabağın dirçəlişi barədə məqalə yerləşdirilib

Qahirə, 3 dekabr, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalı Milli Məclisin deputatı Könül Nurullayevanın “Azərbaycan Qarabağı ən inkişaf etmiş bölgəyə çevirir” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin Cənubi Qafqaz regionunda yeni reallıq yaratdığı, kommunikasiyaların bərpasının və nəqliyyat dəhlizlərinin Avrasiya məkanında əməkdaşlığa böyük imkanlar açdığı qeyd olunub. Müəllif qeyd edib ki, Qarabağda aparılan bərpa və quruculuq işləri yeni investisiyaların axını, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ilə müşayiət olunur. Eyni zamanda, Azərbaycanın müsəlman dünyası üçün də əhəmiyyətli olan Qələbəsindən sonra dağıdılmış qədim abidələr, İslam tarixinə mənsub irs və müqəddəs ibadət yerləri bərpa edilir.
Yazıda region ölkələrinin iqtisadi tərəqqisi üçün böyük əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin Asiya və Avropanı birləşdirəcək mühüm marşrut olacağı diqqətə çatdırılıb. Bununla yanaşı, Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş görüşdə sərhədlərin demarkasiyası və delimitasiyası barədə də razılıq əldə olunduğu qeyd edilib. Müəllif yazıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü altıtərəfli əməkdaşlıq platforması Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Ermənistanı da əhatə edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ən xüsusi müxbiri
Qahirə

Siyasət 2021-12-03 14:32:00