×
A
A
A
Sazlamalar

Şamaxıda məktəb şagirdləri narkomaniya və onun fəsadları barədə maarifləndiriliblər

Şamaxı, 3 dekabr, AZƏRTAC

Şamaxı rayon Gənclər və İdman İdarəsinin, Polis Şöbəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə E.Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Polis Şöbəsinin rəisi, polis polkovniki Əliyəddin Səfərov, Təhsil Şöbəsinin müdiri Məsud Babayev, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon Polis Şöbəsinin hazırladığı narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, narkomaniyanın törətdiyi ağır fəsadlara həsr olunan videoçarx nümayiş etdirilib. Polis Şöbəsinin rəisi Əliyəddin Səfərov çıxış edərək bəşəri bəla olan narkomaniyaya qarşı aparılan mübarizə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Vurğulayıb ki, bu tədbirlər nəticəsində təkcə bu ilin on ayında Şamaxıda 40 cinayət faktı aşkarlanıb, 2,5 kiloqram narkotik və psixotrop tərkibli maddə dövriyyədən çıxarılıb.
Tədbirdəki çıxışlarda narkomaniyanın insan sağlamlığı, cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyatın vacibliyi və sair haqqında geniş məlumatlar verilib. Çıxışlarda xüsusilə vurğulanıb ki, “ağ ölüm” adlandırılan narkomaniya müasir dövrün ən təhlükəli problemlərindəndir və bu bəlanın qarşısının alınmasında bütün qurumların və vətəndaşların üzərinə məsuliyyət düşür. Axırda məktəblilərin sualları cavablandırılıb, onların fikirləri dinlənilib.
Qeyd edək ki, tədbir gənclərdə və yeniyetmələrdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürün formalaşdırılması, bu sahədə onların məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, habelə sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyır.

Regionlar 2021-12-03 12:20:00