×
A
A
A
Sazlamalar

Nazir müavini: Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib

Bakı, 3 dekabr, AZƏRTAC
Xarici İşlər Nazirliyində işə qəbulun şəffaflaşdırılması, hər kəsə əlçatanlığı təmin etmək üçün işlərin icrasına başlanılıb. Nazirlikdə bununla bağlı komissiya yaradılıb. Daxili müsabiqə komissiyası tərəfindən ümumilikdə 102 nəfər Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ezam olunub. Hazırda XİN-də təxminən 50-60 vakant yer var və bu rəqəmlər dəyişir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov diplomatik xidmətə qəbul olunma ilə bağlı nazirlikdə keçirilən brifinqdə deyib.
“Bu proses davamlı şəkildə həyata keçiriləcək. Hazırda Xarici işlər Nazirliyinə sistemdən kənar şəxslərin işə qəbulu üçün ən mühüm meyarlar müəyyən edilib. Müsabiqə qaydaları və müsabiqə proqramı hazırlanıb. Namizədlərə dair əsas tələblər sırasına ali təhsil və üzərinə qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələ bilmək qabiliyyəti kimi meyarlar daxildir. İşə qəbul iki mərhələdən ibarət olacaq - imtahan və müsahibə. Hər iki mərhələdən keçmiş namizədlər sınaq müddətindən sonra nazirlikdə işə qəbul olunacaqlar. XİN-in kadr siyasəti sahəsindəki fəaliyyət istiqaməti təhlil olunub, boşluqlar və çatışmazlıqlar aşkar edilib. İşə qəbul mərkəzləşdirilmiş, şəffaf qaydada müsabiqə əsasında təşkil edilir, daxili müsabiqə və kollektiv qərarvermə əsasında aparılır”, - deyə nazir müavini qeyd edib.
Elnur Məmmədov vurğulayıb ki, geri qayıdan diplomatların təyinatı üzrə işlər aparılır. Belə ki, ötən ilin sentyabrında 75 diplomatik xidmət əməkdaşının, 15 inzibati xidmət əməkdaşının nazirlikdə vakant yerlərə təyinatı mümkün olub. 62 diplomatik xidmət əməkdaşı və 40 inzibati xidmət əməkdaşı xarici ölkələrdəki postlara təyin olunub. Yeni kadrlara tələbatı nəzərə alaraq sistemdən kənar şəxslərin təyinatı ilə bağlı işlər görülüb. Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə kadrların seçilməsi üçün mühüm meyarlar müəyyən olunub, müvafiq proqram hazırlanıb. Namizədlərə aid tələblər “Diplomatik xidmət haqqında” Qanunla müəyyən edilir. İşə qəbul iki mərhələdən ibarətdir. Birinci mərhələdə test və esse tipli tapşırıqlar DİM tərəfindən təşkil olunur. Bu, yazılı imtahandır. Daha sonra nəticələr DİM tərəfindən XİN-ə təqdim olunacaq. İmtahanda uğur qazananlar müsahibə mərhələsinə keçəcək və bu mərhələdə Daxili Müsabiqə Komissiyası namizədləri yoxlayacaq. Onların dünya görüşü yoxlanılacaq, Azərbaycanın mədəniyyəti, dövlət siyasəti, tarixi barədə suallar veriləcək. Müsahibə prosesi videoçəkiliş vasitəsilə qeydə alınacaq. Bu mərhələdə uğur qazanan namizədlər sınaq müddəti keçəcək, daha sonra işə qəbul olunacaq. İmtahanlarda hər bir namizəd üçün bərabər şərait yaradılacaq.

 

 

Siyasət 2021-12-03 11:26:00