×
A
A
A
Sazlamalar

Şəhid ailələri və müharibə iştirakçılarının problemləri daim diqqətdə saxlanılır

Gəncə, 3 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə uyğun olaraq dövlət qurumları 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və qazilərlə görüşüb. Görüş Nizami və Kəpəz Rayon İcra hakimiyyətləri başçılarının və bələdiyyə sədrlərinin, şəhər icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə iştirak edən şəhid ailələri və qazilərin, o cümlədən müharibə iştirakçılarının müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardımın, müalicə üçün köməyin göstərilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, həmçinin işlə təminat kimi məsələlər üstünlük təşkil edib.
Səslənən müraciətlərin, dilə gətirilən problemlərin bir çoxu yerində öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunauyğun formada həlli istiqamətində tapşırıqlar verilib.
Bildirilib ki, bu kimi görüşlər davamlı şəkildə həyata keçiriləcək.

 

Regionlar 2021-12-03 10:23:00