×
A
A
A
Sazlamalar

ERE televiziya kanalı azərbaycanlı deputatla müsahibəni yayımlayıb VİDEO

Paris, 3 dekabr, AZƏRTAC

Fransanın ERE televiziya kanalında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Soltan Məmmədovla müsahibə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə Soltan Məmmədov Azərbaycanın tarixindən, müstəqilliyini bərpa etməsindən, Ermənistanın ərazi iddiaları ilə ölkəmizə qarşı 30 illik təcavüzündən danışıb.
Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu inamla davam etdirdiyini vurğulayan azərbaycanlı deputat bu siyasətin nəticəsində ölkəmizin regionun aparıcı dövlətinə çevrildiyini deyib.
S.Məmmədov ölkəmizin turizm imkanlarından söz açaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyada, eləcə də Fransada həyata keçirdiyi layihələrdən danışıb, Azərbaycan-Fransa əlaqələrinə toxunub.
Ölkəmizin regionda sülh və təhlükəsizliyin təminatında böyük rolunu qeyd edərək, müxtəlif mədəniyyətlər və xalqlar arasında qarşılıqlı dialoqun inkişafına töhfə verən ölkə kimi tanındığını qeyd edib.
Ötən il Ermənistanın törətdiyi hərbi təxribatlar qarısında Azərbaycanın özünü müdafiə etmək məcburiyyətində qaldığını deyən deputat 8 noyabrın tariximizə Zəfər Günü kimi yazıldığını diqqətə çatdırıb. Erməni işğalı dövründə ərazilərimizin darmadağın edildiyini deyərək, bu gün Müzəffər Ordumuz sayəsində azad edilmiş ərazilərimizdə quruculuq işlərinin aparıldığını, irimiqyaslı infrastruktur layihələrin həyata keçirildiyini vurğulayıb. Zəngəzur dəhlizinin regional və beynəlxalq səviyyədə əhəmiyyətindən, regionun iqtisadiyyatına böyük müsbət təsirindən danışıb.
Bildirib ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərinə, eləcə də məcburi köçkünlərin qayıdışına ən böyük maneə Ermənistanın yerləşdirdiyi minalardır. Ermənistan yerləşdirdiyi minaların xəritəsini vermir və bununla da beynəlxalq konvensiyaları kobud şəkildə pozur.
Azərbaycanlı deputat 44 günlük müharibə və ondan sonra Fransanın neytral mövqe tutmaması ilə bağlı fikirlərini ifadə edib. 44 günlük müharibədən sonra fransız deputatların ölkəmizə və ermənilər tərəfindən dağıdılmış ərazilərimizə səfərindən söz açıb.
Müsahibənin yayımı zamanı Ermənistanın bombaladığı mülki əraziləri, Bakıda Zəfər Gününün qeyd edilməsini, ölkəmizin turizm imkanlarını əks etdirən videolar da nümayiş olunub.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris 

Siyasət 2021-12-03 01:17:00

Video