×
A
A
A
Sazlamalar

Sevinc Fətəliyeva: Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edir

Bakı, 2 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirməkdə davam edir. Ölkəmiz İkinci Qarabağ müharibəsində qazandığı parlaq Qələbə ilə regionda yeni reallıqlar yaradıb və bu, dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycana verdiyi önəm xüsusi qeyd edilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan hər zaman İƏT-in işində fəal iştirak edir və təşkilata üzv ölkələrlə sıx münasibətlərə malikdir. Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan İƏT-in fəal üzvüdür və təşkilata üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik. Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizi ilə bağlı fikirlərini ifadə edərək vurğulayıb ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Gələcəkdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bu dəhlizdən istifadə edəcəkləri şübhə doğurmur. Fikrimcə, bu nəqliyyat dəhlizi bir çox ölkələrin, o cümlədən İƏT üzvü olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi divident qazanmasını şərtləndirəcək.
Sevinc Fətəliyeva qeyd edib ki, torpaqlarımız işğaldan azad olunandan dərhal sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı quruculuq və yenidənqurma işlərinə başlayıb. Xüsusi qeyd olunmalı məqam ondan ibarətdir ki, bu işdə Azərbaycan heç kimdən maliyyə dəstəyi almadan, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Burada ən müasir texnologiyalar tətbiq olunur. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də də “qurucu lider” kimi tanınır.
“Zirvə Toplantının yekun sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına cavab verir və yeni mərhələdə ölkəmizin mühüm rolunu, yüksək statusunu əks etdirir. Sənəddə Azərbaycan xalqı və hökumətinin Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edilməsi isə xüsusi vurğulanmalıdır. Bu, bir daha onu göstərir ki, 44 günlük müharibədə Qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir. Çünki bu reallıqlar fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf gətirəcək. Digər tərəfdən, sənəddə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bu isə Azərbaycanın iqtisadi əməkdaşlıq dairəsinin genişlənməsinə xidmət etməklə yanaşı, ölkəmizin funksional iqtisadiyyatının inkişaf perspektivləri ilə də bağlı müstəsna əhəmiyyət kəsb edir”, - deyə S.Fətəliyeva vurğulayıb.

Siyasət 2021-12-02 15:26:00