×
A
A
A
Sazlamalar

Azay Quliyev ATƏT PA-nın büro iclasında Soçi Bəyanatının mahiyyətini açıqlayıb

Stokholm, 2 dekabr, Rauf Əliyev, AZƏRTAC

Xəbər verildiyi kimi, Stokholmda ATƏT PA-nın büro iclası keçirilib. İclasda bir çox məsələlərlə yanaşı, təşkilatın 2022-ci il üzrə fəaliyyət planı müzakirə edilərək təsdiq olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gündəliyin beynəlxalq siyasi məsələlər üzrə maddəsinin müzakirəsi zamanı söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Bəyanat və bu Bəyanatın mahiyyəti haqqında büro üzvlərinə məlumat verib.
Azay Quliyev qeyd edib ki, Soçi danışıqları və əldə olunan razılaşma tarixi əhəmiyyət daşımaqla yanaşı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə üç mühüm istiqaməti özündə əks etdirir. Birincisi, Azərbaycan və Ermənistan liderləri hər iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün birgə komissiyanın yaradılması, eləcə də bölgədə sabitliyin və təhlükəsizliyin təminatı üçün müvafiq addımların atılmasına dair razılıq əldə ediblər. Bu, çox mühüm bir nailiyyətdir. Çünki sovetlər birliyi dağıldıqdan sonra ilk dəfədir ki, Ermənistanın və Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin delimitasiyasına və demarkasiyasına başlanmasına rəsmi qərar verilib.
İkinci mühüm nailiyyət isə ondan ibarətdir ki, tərəflər bundan əvvəlki iki Bəyanata bağlılığı nümayiş etdirərək regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, bu məqsədlə ayrıca layihələrin həyata keçirilməsini və xüsusilə Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasını bir daha imzaları ilə təsdiq etdilər. Soçi razılaşması sərhəddə gərginliyin azalmasına və Zəngəzur dəhlizinin tezliklə açılmasına ciddi töhfə verəcək.
Üçüncüsü, liderlər Ermənistan və Azərbaycan xalqları arasında etimad mühitinin yaradılması və qonşuluq münasibətlərinin normallaşması üçün müvafiq addımların atılmasının vacibliyi haqqında birgə razılığa gəliblər.
Çıxışına davam edən Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, bu razılaşmalara əməl olunsa, gələcəkdə hər iki ölkənin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh sazişinin hazırlanmasına və imzalanmasına nail olmaq mümkündür. Təqdirəlayiq haldır ki, Soçi Bəyanatı beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndi. Belə ki, BMT-nin Baş katibi Antonio Quterreş tərəflərin regionda iqtisadi əlaqələrin bərpasına və dayanıqlı sülhün əldə olunmasına yönələn təşəbbüslərinin dəstəklənməsinin vacib olduğunu bildirib. Avropa İttifaqı da əldə olunan razılaşmanı yüksək dəyərləndirərək onun icrası üçün gərəkli dəstəyin veriləcəyini bildirib.
Azay Quliyev, həmçinin diqqətə çatdırıb ki, Stokholmda Soçi Bəyanatının müddəalarının yerinə yetirilməsini müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Eyni zamanda, deputatımız onu da vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Zirvəsi çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü planlaşdırılır.
ATƏT PA-nın bu proseslərdən kənarda qalmamalı olduğunu deyən Azay Quliyev bildirib ki, bu qurum Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün və barışığın əldə olunması istiqamətində atılan addımlara və təşəbbüslərə dəstəyini ifadə etməlidir.
Müzakirələrin davamında çıxış edən Azay Quliyev ATƏT PA-nın irəli sürdüyü “Helsinki+50” təşəbbüsü üzrə mövzuların prioritetləşdirilməsinin, ATƏT regionunda sülhün və təhlükəsizliyin təmin olunması məsələsinə önəm verilməsinin və planlaşdırılan tədbirlərə üzv ölkələrin yaxından cəlb edilməsinin vacibliyini vurğulayıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Siyasət 2021-12-02 13:34:00