×
A
A
A
Sazlamalar

BDU-da “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri” mövzusunda onlayn təlim

Bakı, 2 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “IEEE Xplore beynəlxalq verilənlər bazasının elm və tədris mənbələri: inkişaf üçün yeni imkanlar və axtarışlar” mövzusunda onlayn təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU-nun və “Mikro məlumatların idarə edilməsi və paylanması” (“Micro Information Handling and Distribution FZE”) şirkətinin əməkdaşları və tədqiqatçılarının da iştirak etdiyi təlimdə IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük təşkilatı haqqında təqdimat edilib və suallar cavablandırılıb.
Təlimdə dünyanın ən böyük texniki rəqəmsal kitabxanası olan “IEEE Xplore” rəqəmsal kitabxanası barədə məlumatlar, həmçinin platformada yerləşdirilən azərbaycanlı müəlliflərə məxsus məqalələr qeyd olunub. “IEEE Xplore” rəqəmsal kitabxanasının BDU Elektron kitabxanasının saytında tammətnli məlumat bazaları bölməsinə əlavə olunması təklif edilib. IEEE tərəfindən BDU kollektivi üçün “IEEE Xplore” rəqəmsal kitabxanasına bir aylıq ödənişsiz istifadə (free trial) təqdim edilməsinin mümkünlüyü vurğulanıb.
Rəqəmsal kitabxanaya abunə olunduğu təqdirdə istifadəçilər kitabxananın bütün funksiyalarından istifadə edə biləcək və 5 milyondan çox tammətnli sənəd, 195 IEEE jurnalı, dövri nəşrlər və toplular, 1800-dən çox IEEE konfrans materialları, 4600-dən çox təsdiqlənmiş və nəşr olunmuş IEEE standartlı sənədlərə çıxışları olacaq.
Qeyd edək ki, IEEE müasir texnologiyaların inkişaf etdirilməsi üzrə dünyanın ən böyük təşkilatlarından biridir. Yüksək istinad göstəricilərinə malik nəşrlərin dərc olunması (200-ə qədər jurnal, kitablar və s.), konfransların təşkili (hazıra qədər texnologiyanın inkişafına həsr olunmuş 1800-dən çox konfrans planlaşdırılır), texnologiya standartlarının hazırlanması, peşə və təhsil fəaliyyətləri ilə məşğul olan nüfuzlu bir təşkilatdır. Təşkilatın dünyanın 160 ölkəsindən 500 mindən çox üzvü var. Üzvlərin sırasına texnoloji, cihazqayırma, aerokosmos, kompüter texnologiyaları, telekommunikasiya və s. üzrə şirkətlər də daxildir.

Texnologiya 2021-12-02 13:15:00