×
A
A
A
Sazlamalar

Jalə Əhmədova: Laçın beynəlxalq hava limanı bölgənin statusunu və turizm potensialını artıracaq

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən və zəngin təbii ehtiyatlara malik rayonlarından biri olan Laçının işğaldan azad olunmasından bir il keçir.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının Ermənistan tərəfindən işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Bundan başqa, işğal nəticəsində rayonda 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova söyləyib.
Onun sözlərinə görə, ötən illər ərzində Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınları köçürməklə məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.
Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyulduğunu qeyd edən deputat deyib: “Azərbaycan xalqı ərazi bütövlüyünü özü bərpa etməklə beynəlxalq qanunların aliliyini və tarixi ədaləti də bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl isə, noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonuna səfər edərək 2020-ci il fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı”.
Jalə Əhmədova vurğulayıb ki, bu gün Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Hazırda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolu tikilməkdədir.
“Regionun strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biri isə Laçında beynəlxalq hava limanının inşasına başlanmasıdır. Bu hava limanının inşası bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, mülki aviasiya, yükdaşıma və hərbi baxımdan da böyük əhəmiyyətə malikdir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına kömək edəcək. Mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək və o, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.
Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi ölkəmizdə həm texniki, həm maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü siyasi iradənin olduğunu sübut edir.

Siyasət 2021-12-02 13:09:00