×
A
A
A
Sazlamalar

Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir

Bakı, 1 dekabr, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV Zirvə Toplantısı Azərbaycan üçün çox məhsuldar oldu. Bu toplantı Soçi görüşündən sonraya təsadüf etdiyinə görə burada bir sıra məsələlərdə müəyyən mövqe daha açıq şəkildə ortaya qoyuldu. Xüsusilə Zəngəzur dəhlizinin, digər koridorların, dəmir və avtomobil yollarının açılması ilə bağlı konkret tarixin göstərilməsi bu tədbirdə iştirakçı tərəflərin diqqətə alacağı ən vacib məsələlərdən biri idi. Bu, gələcəkdə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin bir çoxuna təsir edəcək yeni canlanmadan xəbər verirdi. Sənədlərdə də həmin məsələnin xüsusi olaraq əks etdirilməsi, həmçinin Zəngəzur dəhlizinin İƏT ölkələri üçün faydalı perspektiv vəd etdiyinin göstərilməsi gələcəkdə bu ölkələr arasında yeni layihələrin icrası istiqamətində irəliləyişə şərait yaradan amillərdir. Burada, eyni zamanda, qaz nəqli ilə bağlı razılşmaların əldə olunması müsbət tendensiya idi. Azərbaycan üçün ən vacib məsələlərdən biri Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonrakı vəziyyətdə İƏT-ə üzv ölkələrin birmənalı mövqe ifadə etməsi idi. Yekun sənəddə Qələbə münasibətilə Azərbaycana təbriklərin yer alması həmrəylik mesajı kimi də qiymətləndirilə bilər. Bu, İslam ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın ən yüksək səviyyəyə gəlib çatdığını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa ifadə edib.
Deputat bildirib ki, Azərbaycanın ikitərəfli görüşlərdə, xüsusilə İranla münasibətlərin tənzimləməsi istiqamətində əldə etdiyi uğurlu nəticələr Sammitin ən maraqlı tərəflərindən biri kimi qiymətləndirilə bilər. Eyni zamanda, Türkiyə Prezidentinin də Azərbaycanın haqlı mübarizəsinin onlar üçün dəyərli olduğunu və bunun bütün İslam dünyasına fayda gətirəcəyini bir daha söyləməsi bizim problemimizin həm türk, həm də İslam dövlətlərinin problemi kimi qəbul edildiyi mənasına gəlir. Ona görə Sammitin bu istiqamətlərdə uğurlu olduğunu deyə bilərəm”.
F.Mustafanın sözlərinə görə, Zirvə Toplantısında qəbul edilən Bəyanata əsasən üzv ölkələrin tezliklə proseslərə cəlbi ilə həm bölgənin dirçəlməsi, həm də siyasi əlaqələrin genişlənməsi baxımından faydalı olacağını proqnozlaşdırmaq mümkündür. Burada da Prezident İlham Əliyevin çıxışı zamanı Azərbaycanın bölgənin aparıcı dövlətlərindən biri kimi bir çox layihələrə müəlliflik etdiyini vurğulaması, digər müsəlman ölkələrinin də bu prosesdə əməkdaşlığa cəlb olunmasına yönəlmiş çağırışları anlayışla qarşılandı və Azərbaycan böyük dəstək qazandı.
“Əvvəlkilərdən fərqli olaraq, bu Zirvə Toplantısı bəlkə də Azərbaycanın ən çox dəstək qazandığı nüfuzlu beynəlxalq tədbirlərdən ən mühümü idi. Çox güman ki, yaxın gələcəkdə bölgə dövlətlərinin də Zəngəzur dəhlizinin açılması istiqamətində müxtəlif töhfələri olacaq. İndidən demək mümkündür ki, həm Ermənistana bu istiqamətdə təzyiq ediləcək, həm də prosesin həyata keçməsinə iqtisadi cəhətdən kömək göstəriləcək”, - deyə F.Mustafa fikirlərini yekunlaşdırıb.

Siyasət 2021-12-01 20:37:00