×
A
A
A
Sazlamalar

Əl-Assumi: QH-nin Parlamentlər Şəbəkəsi BMT Baş Assambleyasından sonra parlamentlərin təmsil olunacağı ikinci qlobal təşkilat olacaq

Qahirə, 1 dekabr, AZƏRTAC
Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi BMT Baş Assambleyasından sonra qanunverici orqanların təmsil olunacağı ikinci qlobal təşkilat olacaq. Hazırda 22 ölkənin parlamentlərinin birləşdiyi Ərəb Parlamenti bu nüfuzlu təşkilatda fəal iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Misirin “Əl Masr Əl Yom” qəzetində dərc olunmuş Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak edən Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asuminin çıxışının xülasəsində yer alıb.
Ərəb Parlamentinin sədri Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin qlobal miqyasda parlamentlərin təmsil olunacağı ən nüfuzlu təşkilat kimi dünyada sülhə və təhlükəsizliyə töhfə verəcəyinə əminliyini bildirib. O qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlardan fərqli olaraq, bu şəbəkə dövlətlərin suverenliyinin qorunması istiqamətində fəaliyyət göstərəcək və xalqların bərabər hüquqlarını müdafiə edəcək. Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərəcək, onun əsas istiqamətlərindən biri beynəlxalq aləmdə haqqın və ədalətin qorunması olacaq.
Əl-Assumi təklif edib ki, Parlamentlər Şəbəkəsinin Baş Konfransı Qoşulmama Hərəkatının Zirvə görüşlərindən əvvəl keçirilsin və qanunverici orqanların təmsilçiləri konstruktiv təkliflərini dövlət başçılarının müzakirəsinə təqdim etsinlər. O əlavə edib ki, bu ənənə Hərəkatın fəaliyyətinə mühüm töhfə olacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Siyasət 2021-12-01 14:19:00