×
A
A
A
Sazlamalar

Hicran Hüseynova: Laçın aeroportunun inşası azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 ildən sonra öz azadlığına qovuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycanın təkcə iqtisadiyyatına deyil, mədəniyyətinə, tarixi-mədəni irsinə də ciddi ziyan vurmuşdu. Erməni işğalı nəticəsində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır. VI əsrə aid Alban Ağoğlan məbədi, IV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilmişdir. Lakin rəsmi İrəvanın işğalçılıq siyasəti bununla yekunlaşmadı. Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan edərək əlavə qazanc mənbəyinə çevrilmişdir. Xüsusilə Suriyadan erməni əsilli qaçqınların Laçında qeyri-qanuni şəkildə məqsədyönlü məskunlaşdırılması siyasətini aparmışdır. Bununla da işğalçı tərəf demoqrafik tərkibin dəyişdirilməsinə çalışmışdır. Əfsuslar olsun ki, bütün bunlar beynəlxalq təşkilatların gözü qarşısında baş verirdi. Azərbaycanın etirazlarına baxmayaraq, heç bir qurum Ermənistanın beynəlxalq hüquqi norma və prinsiplərini pozduğuna görə qınamadı, ona qarşı hər hansı sanksiya tətbiq edilmədi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ifadə edib.
Deputat deyib: “Zaman yetişdi və Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qazandığı Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl - noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
Artıq Laçın azaddır və rayonda tikinti-quruculuq işləri aparılır. Bu ilin fevral və avqust aylarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Laçın rayonunda səfərdə oldular. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı”.
Hazırda Laçın istiqamətində dövlət sərhədlərinin möhkəmləndirildiyini qeyd edən deputat bildirib ki, eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı yol, enerji infrastrukturu layihələri reallaşdırılır.
H.Hüseynova qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Aeroportların mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Artıq Füzuli Beynəlxalq Hava Limanı fəaliyyət göstərir.
Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən hava limanı olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev Laçında hava limanının inşası ilə bağlı çıxışında vurğulayıb: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var”.
“Bəli, Azərbaycan Vətən Müharibəsindən ötən bir ildə işğaldan azad olunmuş ərazilərdə nəhəng layihələr həyata keçirməklə, bütün dünyaya bu torpaqların əsl sahibinin kim olduğunu bir daha nümayiş etdirir. Əminik ki, tezliklə keçmiş məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdacaq, Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanacaq”, - deyə deputat əlavə edib.

 

Siyasət 2021-12-01 13:53:00