×
A
A
A
Sazlamalar

Almaniyanın xəbər agentliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündən yazıb

Berlin, 30 noyabr, AZƏRTAC

Almaniyanın “DW” xəbər agentliyində “Ermənistan və Azərbaycan getdikcə bir-birinə daha da yaxınlaşır” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Rusiya Prezidenti Vladimir Putin münaqişə vəziyyətində olan Ermənistanla Azərbaycan arasında uğurlu vasitəçilik etdiyi bildirilir. Qeyd olunur ki, Rusiya Prezidentinin təşəbbüsü ilə Soçidə görüşən Ermənistan və Azərbaycan liderləri ölkələr arasında gərginliyi azaltmaq barədə razılığa gəliblər. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşün müsbət keçdiyini bəyan ediblər.
Məqalədə, həmçinin qeyd olunur ki, Prezident Vladimir Putin onun tərəfindən əsas hesab olunan bir sıra məqamlarda razılıq əldə edildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərinin qarşılıqlı olaraq müəyyənləşdirilməsi prosesinə başlamaq istəyirlər. Bundan əlavə, dövlətlər arasında nəqliyyat əlaqələri yenidən bərpa olunmalı və humanitar məsələlər barədə müzakirələr aparılmalıdır.
Yazıda, eyni zamanda, diqqətə çatdırılır ki, Vladimir Putin vəziyyətin sabitləşməsi və insanların sülh şəraitində birgəyaşayışının təmin edilməsi üçün çağırışlar edib. O bildirib: “Bizim dərin tarixi bağlarımız var. Biz onların yenidən bərpası və gələcəkdə inkişaf etdirilməsi üçün çalışmalıyıq”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2021-11-30 19:14:00