×
A
A
A
Sazlamalar

Azərbaycanın yeniyetmə qılıncoynadanları Bolqarıstanda keçirilən turnirdə çıxışlarını başa vurublar

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycanın yeniyetmə qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada “Cadet Circuit” çərçivəsində keçirilən turnirdə çıxışlarını başa vurublar.
AZƏRTAC xəbər verir ki, 17 yaşadək oğlan sablyaçıların şəxsi yarışında qrup mərhələsində üç qələbə qazanan Ayxan Xasıyev 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə macarıstanlı rəqibinə 7:15 hesabı ilə uduzub.
Qrupda bir qələbəsi olan Abbas Hüseynov və Nurlan Zeynallı isə pley-offda müvafiq olaraq macarıstanlı və britaniyalı rəqiblərinə 10:15 hesabı ilə məğlub olublar.
Oğlan sablyaçıların komanda yarışında təmsilçilərimiz Böyük Britaniya seçməsinə 31:45 hesabı ilə uduzublar.
On yeddi yaşadək qız sablyaçıların şəxsi yarışında qrup mərhələsində 4 qələbəsi olan Zərifə Hüseynova 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə rumıniyalı rəqibinə 15:10 hesabı ilə qalib gəlsə də, növbəti mərhələdə ABŞ təmsilçisinə 13:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 2 qələbə qazanan Fidan Quliyeva ilk pley-off görüşündə macarıstanlı rəqibinə 15:12 hesabı ilə qalib gəlib. F.Quliyeva 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ idmançısına 5:15 hesabı ilə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə pley-offa adlaya bilməyib.
Qız sablyaçıların komanda yarışında Yunanıstanı seçməsi yığmamıza qalib gəlib – 45:39.
Abbas Hüseynov Sofiyada keçirilən 15 yaşadək sablyaçılar arasında beynəlxalq turnirdə də qüvvəsini sınayıb. Qrup mərhələsini 3 qələbə ilə başa vuran A.Hüseynov pley-offda keçirdiyi ilk görüşdə Bolqarıstan təmsilçisini 15:7 hesabı ilə məğlub etsə də, növbəti görüşdə rumıniyalı rəqibinə 6:15 hesabı ilə uduzub. Əminə Rzaquluzadə isə qrup mərhələsini 2 qələbə ilə bitirib. Pley-off mərhələsində keçirdiyi ilk görüşdə qılıncoynadanımız rumıniyalı rəqibinə 4:15 hesabı ilə məğlub olub.



İdman 2021-11-30 13:04:00