×
A
A
A
Sazlamalar

İdman sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında əhəmiyyətli rol oynayır

Babək, 29 noyabr, AZƏRTAC

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” idmanın yeni mərhələdə inkişafına töhfə verir. Proqramın icrası istiqamətində görülən işlər, keçirilən maarifləndirici tədbirlər yeni-yeni nailiyyətlərə yola açır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Babək rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasındakı roluna dair maarifləndirici tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tural İsmayılov muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən, əldə olunan nəticələrdən danışıb.
Muxtar respublikanın Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxışında bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Buna görə də əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri də sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlb olunmasıdır. Vüqar Məmmədov federasiya tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıya qoyulan vəzifələrdən bəhs edib.
Paralimpiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov isə çıxışında idmanın müvafiq kateqoriyalı şəxslərin həyatındakı əhəmiyyətindən danışıb, bu sahədə əldə edilən uğurlardan söz açıb.
Tədbirdə mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb.
Qeyd edək ki, tədbirdə 100 nəfərədək müvafiq kateqoriyadan olan şəxs və paralimpiyaçı idmançı iştirak edib. Maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Regionlar 2021-11-29 20:11:00