×
A
A
A
Sazlamalar

Vyanada İranla nüvə sazişinə dair danışıqlar yenidən başlayır

Vyana, 29 noyabr, AZƏRTAC

İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları yenidən başlayır.
AZƏRTAC xəbər verir ki, Avstriya paytaxtının “Koburq” sarayında Avropa İttifaqının sədrliyi altında keçirilməsi nəzərdə tutulan danışıqlarda 2015-ci ildə İranın öz nüvə proqramının dinc məqsədlər üçün istifadə edəcəyinə dair bağlanmış sazişin bərpası və 2018-ci ildə Tramp administrasiyası dövründə sazişi birtərəfli qaydada tərk edən ABŞ-ın yenidən sənədə qoşulması müzakirə ediləcək.
Ekspertlərinə rəyinə görə, bir neçə aylıq fasilədən sonra yenidən başlayan danışıqların ilk raundundan konkret nəticələr gözlənilmir. İran tərəfi nüvə proqramının mahiyyəti ilə bağlı deyil, sanksiyaların ləğv edilməsi və ABŞ-ın sazişə yenidən qoşulmasına dair danışıqların tərəfdarıdır. Eyni zamanda, İran ABŞ-ın növbəti dəfə sazişi tərk etməyəcəyinə dair zəmanət tələb edir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi isə ötən həftələrdə rəsmi Tehranla nüvə mərkəzlərinə nəzarətlə bağlı apardığı danışıqların nəticəsiz qaldığını bildirmişdi. Yeni danışıqlar fonunda mövqelərin dəyişməzliyi, ümumiyyətlə, müzakirələrin baş tutacağını da sual altına qoyub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2021-11-29 19:20:00