×
A
A
A
Sazlamalar

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Qobustanda keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 29-da keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun Xilmilli kəndində keçirilən tədbirdə 50 məktəbli, o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak ediblər. Tədbirə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Məclisin deputatları Arzu Nağıyev, Şahin Seyidzadə, Qobustan Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Çıxış edənlər bildiriblər ki, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin canı-qanı bahasına işğaldan azad olunub. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq. Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrində belə tədbirlərin təşkilinin kənd yerlərində idmanın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrında Azərbaycan Milli Olimpiya Komitəsində çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə AFFA-nın təşəbbüsü ilə 2020-ci ildə karantin rejiminin tələblərinə əməl etməklə respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində tədbirlər keçirilib. Cari ildə isə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Salyan, Göyçay, Beyləqan, Göygöl rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qaldığı ərazidə təşkil olunub. Silsilə tədbirlərin respublikamızın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.

İdman 2021-11-29 18:53:00