×
A
A
A
Sazlamalar

Biləsuvarda Vətən müharibəsi şəhidi Elçin Tağızadənin xatirəsinə abidə kompleks tikilib

Biləsuvar, 29 noyabr, Bağır Əliyev, AZƏRTAC

Biləsuvar rayonunda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış Elçin Tağızadənin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid kapitan Elçin Tağızadənin anım mərasimində iştirak edən rayon ictimaiyyətinin nümayəndələri onun valideynləri ilə görüşüblər.
Cəsur döyüşçünün doğulduğu Zəhmətabad kəndində şəhidin əziz xatirəsinə tikilmiş abidə kompleksin və yaşadığı evə vurulan xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Mərasimdə 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid kapitan Elçin Tağızadənin şərəfli döyüş yolundan danışılıb, onların xatirəsi ehtiramla anılıb.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaq.
Qeyd edək ki, Vətən müharibəsinin şəhidi kapitan Tağıyev Elçin Ağaqulu oğlu 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. O, 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayan Elçin Tağıyev 2016-cı ilin Aprel döyüşləri zamanı dostu baş leytenant Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edir və öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirir.
Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
O, oktyabrın 1-də Talış kəndi uğrunda döyüşlər zamanı şəhid olub. Biləsuvar rayonunda, doğulduğu Zəhmətabad kəndində dəfn olunub.
İgid döyüşçü ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qalıb...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Elçin Tağıyev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Regionlar 2021-11-29 18:43:00