×
A
A
A
Sazlamalar

Qədim Musiqi Alətləri Ansamblının yaradılmasının 25 illiyi qeyd olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının yaradılmasının 25 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, professor Alla Bayramova çıxış edərək ansamblın yaranma tarixindən danışıb. Bildirib ki, qədim musiqi alətlərinin bərpası və ansamblın fəaliyyəti özlüyündə Azərbaycan mədəniyyətinin, onun qədim ənənələrinin gözəl təbliğidir. 1994-cü ildə ansambla mədəniyyətimizin hamisi, ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə dövlət statusu verilib. Bundan sonra ansambl bir çox xarici ölkələrdə qastrol səfərlərində ölkəmizi ləyaqətlə təmsil edib.
Daha sonra Mədəniyyət Nazirliyinin sektor müdiri Altun Mikayıllı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə və başqaları çıxış edərək ansamblın kollektivini yubiley münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməyin texniki müfəttişi Çingiz İbrahimov çıxış edərək, komitənin sədri Cəmilə Səttarovanın ansambla təbrikini çatdırıb və musiqiçilərə fəxri fərman və pul mükafatı təqdim edib.
Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər, Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifov) ifasında konsert proqramı təqdim olunub.
Həmçinin ansamblın 25 illik fəaliyyətini əks etdirən slayd-şou nümayiş olunub.

Mədəniyyət 2021-11-29 18:04:00